Biz qələbə əldə etmək üçün bu illər ərzində məqsədyönlü şəkildə güc topladıq. Qələbəmizi şərtləndirən əsas amillər iqtisadi müstəqillik, güclü müasir ordu, milli həmrəylik və beynəlxalq səviyyədəki uğurlarımızdır.
Şuşanın azad edilməsi müjdəsinin Şəhidlər xiyabanında səsləndirilməsi təsadüfi deyil. Biz torpaqlarımızı xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına işğalçılardan azad edirik. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm.
Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!
Ölkəmizin gələcəyi çox parlaq olacaq. Biz son illər ərzində çox böyük uğurlara imza atmışıq. Azərbaycan bu gün çox güclü bir ölkəyə çevrilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək.
Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması mənim Prezident kimi başlıca vəzifəmdir. Mən şadam ki, bu vəzifənin öhdəsindən şərəflə gəlirəm və Azərbaycan xalqının dəstəyi, zəhməti və cəsarəti hesabına biz torpaqlarımızı qaytarırıq.
Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyük xalqıq, biz birlik nümayiş etdirmişik və bu birlik bizi daha da gücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcək.