Sevgi gözəl şeydir, sevib-sevilmək gözəl hissdir. Xahiş edirəm, dana qovalayan, şərəfsiz adamlarla yol çıxıb sevgiyə inamınızı itirməyəsiniz. O düz söhbətdir ki, insanı yol yormursa, yoldaş yorur. Kimlə olduğun və nə hiss etdiyin çox önəmlidir.
Xahiş edirəm, ex-lərlə normal ünsiyyəti normallaşdıraq da. Keçmişdə nə etdiyindən asılı olmayaraq – hazırda münasibətinin olmaması şərtilə – arada hal-əhval tutulması tam normal bir şey sayılsın da. Bu adamlar bizim düşmənimiz deyil axı. Birlikdə o qədər xatirələrimiz var.
26 yaşımda indi fikir verirəm ki, dünyanın ən dadlı ləzzətləri əslində insan sağlamlığına ən zərərli şeylərdir və bir də bunun əksi var. Dadsız-tamsız şeylər xeyirlidir. Elə ən sadəsi adi sudur. Sağlamlıqla bağlı son günlər bu dadsız-tamsız şeyləri istifadə edirəm. Çətindir.
Bir şeyə inanıramsa edəcəm, hara fırladırsan-fırlat, edəcəm e, xeyri yoxdur. İnanmaq mənim üçün uğurun yarısıdır. Əvvəlcə inanırsan, sonra yavaş-yavaş özü olur. Bunun necə olduğunu bilmirəm, amma çox işə yaradığını deyə bilərəm. Heç vaxt arzularından imtina etmə. Bacaracaqsan!
Sevmək – həm də ondan imtina edə bilməkdir, çətin də olsa bunu bacarmaqdır, amma kin saxlamaq deyil. Əgər bir şeyi olduğu kimi qəbul edə bilmirsənsə, deməli sən öz kinin və hirsinin əsiri olmuş bir yazıq adamsan. Allah heç kimə göstərməsin.
Bu havada ancaq əlində biletlə, yanında dünyanın ən dəyərli insanı ilə təyyarə növbəsi gözləmək olar, başqa heç nə. İsti havalar mənim həyat enerjimi artırır. Elə bilirəm hər şey yaxşıdır, hər şey qaydasındadır, pis adam da yoxdur, pis adam mən özüməm. Ay Allah, bu gününə şükür.
"Snickers" nə vaxt 1 manatın üstünə çıxıb, ala? Mənim yadıma gələn sonuncu qiyməti 70-80 qəpik idi. 50 qəpiyə aldığım günlər var idi. Köşkdən bayaq 1.50 ₼-ə aldım. Minimum əməkhaqqını qaldıranda deyəsən market qiymətlərində də artım olur. "Rollton" olub 85 qəpik e, 85 e, ala.
Dürüstlük önəmli faktor olduğu üçün ən zəhləm gedən şeylərdən biri də bu mesaja cavabın yazılmamasıdır da. Sənin bir mesaj yazmağa 15-20 saniyən yoxdur, amma Instagram story'mə baxırsan, X postumu bəyənirsən. Açıq-açıq desə ki, yazmaq istəmirəm, başa düşərəm. Bu, hörmətsizlikdir.
Bir Azərbaycan gəncinin aylıq maaşı bilirsiz nə qədər olmalıdır? Ən azı 2.500 ₼. Bu yetim ən son model telefon işlədir, maşına benzin tökür, sevgilisinə bir hədiyyə alır, evə maddi dəstək göstərir, əyninə-başına paltar alır... Elə bunlar üçün rahat 2.500 ₼ pul lazımdır.
Əvvəl düşünürdüm ki, gec evlənmək də bir uğursuzluqdur. İndi əksini düşünürəm. Gec evlənən adamlarla danışanda görürəm ki, onlar gəncliyini çox yaxşı, çox ideal, çox əyləncəli keçiriblər. Mənim üçün də əsas olan insanın xoşbəxtliyi və əylənməsidir.
Bizim səhvimiz ondadır ki, lazımsız şəkildə insanlara dəyər verib, onlara hər hansısa bir məna yükləyirik. Hər insan sevgimizə layiq deyil, hər insan bu sevgini daşımağa hazır da deyil. Bu, əksinə onlara əlavə yükdür. Kim nəyə layiqdirsə, o qədər, artığına gərək yoxdur.
Sevən adam həmişə sevdiyi insana vaxt ayırır. Vaxt yoxdur, zırt yoxdu, pırt yoxdur – hamısı bəhanədir, özümdən bilirəm çünki. Əlin gəlmirsə yazmağa, sevmirsən də, kimi aldadırsan axı? Açıq danışsaq, biz istədiyimiz şeyin adı sıxılanda danışmağa adam tapmaqdır.
Mənim pul fəlsəfəm belədir: əgər davamlı yüksək bir gəlirin yoxdursa, bu günü "qurban" vermə, dəyməz. Bu gün üçün özünə yaxşı gün keçir. Əgər müəyyən pul yığıb istədiyini alandan sonra təzədən pul yığırsansa, bu artıq yaşayış deyil. Kiçik-kiçik xərclə, amma hər günündən zövq al.
Kədər daimi zad deyil, sizi aldadırlar. Kədərlənmək istəmirsənsə, anı yaşa. Kədərlənmək istəmirsənsə, hobbin olsun. Kədərlənmək istəmirsənsə, normal çevrən olsun. Kədərlənmək istəmirsənsə, güvən verən bir partnerin olsun. Kədəri məğlub etməyin yolu özünə inanmaqdır, vəssalam.